Aprelin 13-də futbol üzrə Türkiyə Superliqasında XXVIII turun mərkəzi görüşündə “Başakşəhər” səfərdə “Beşiktaş”ın qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Vodafon Park” arenada baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 35-ci dəqiqəsində “Başakşəhər”in braziliyalı hücumçusu Robinho hesabı açıb. Lakin meydan sahibləri 42-ci dəqiqədə Atiba Hutçinsonun vurduğu qolla hesabı bərabərləşdiriblər. Birinci hissə 1:1 hesab ilə başa çatıb.
İkinci hissənin 52-ci dəqiqəsində Burak Yılmaz “Beşiktaş”ı hesabda önə keçirib. Bu qol oyunda vurulan son qol olub. Beləliklə “Beşiktaş” doğma meydanda lider “Başakşəhər”i 2:1 hesab ilə məğlub edib.
Günün daha bir görüşündə “Konyaspor” və “Sivasspor” klubları qarşılaşıblar. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Rizəspor” klubu isə “Göztəpə” komandasına doğma meydanda 1:0 hesabı ilə qalib gəlib.
Bu oyundan sonra “Beşiktaş” turnir cədvəlində 53 xalla 3-cü pillədə qərarlaşıb. “Başakşəhər” isə 61 xalla liderdir.
Turun digər oyunları aprelin 14-də və 15-də keçiriləcək.