Mayın 21-də Topaz Premyer Liqasında sonuncu turun oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Azərsun Arena”da baş tutan oyunda çempionluğunu vaxtından əvvəl təmin etmiş "Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Çempionatın iki liderinin qarşıdurmasında ağdamlılar 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 22-ci dəqiqədə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.
Beləliklə, yekun turnir cədvəlində “Qarabağ” 65 xalla birinci, “Qəbələ” 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44), “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları yer alıb.
“Qarabağ” - “Qəbələ” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. "Qarabağ"a qızıl, "Qəbələ"yə gümüş, "Neftçi" klubuna isə bürünc medallar təqdim olunub.