Naxçıvanda kikboksinq klubları rəsmi olaraq federasiya qeydiyyatına alınıb - FOTOLAR

A- A A+

Mayın 5-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kikboksinq klub rəhbərləri və məşqçilərlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Görüş klublarla koordinasiya işini gücləndirmək, onların peşəkar fəaliyyətinə dəstək olmaq, eyni zamanda Naxçıvanda sözügedən idman növünün inkişafı istiqamətində yeni addımların atılması məqsədlərinə xidmət edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov çıxış edərək son illərdə kikboksinq sahəsində əldə olunan nailiyyətlər, aparılan işlər və mövcud çatışmazlıqlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Kikboksinq Federasiyası ilə qurulan əməkdaşlıq əlaqələri bu istiqamətdə sistemli inkişaf üçün əsas platforma rolunu oynayır.

Federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov isə çıxışında ölkənin bütün bölgələrində, o cümlədən Naxçıvanda kikboksinqin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. O qeyd edib ki, yerli klubların fəaliyyəti və idmançıların çıxışları daim izlənilir, əldə olunan nəticələr yüksək qiymətləndirilir. Eyni zamanda, klubların federasiya nəzdində rəsmi qeydiyyata alınması ilə idarəetmənin daha effektiv qurulması, vahid yanaşmanın tətbiqi və dəstək mexanizmlərinin gücləndirilməsi hədəflənir.

Görüş çərçivəsində klublara federasiya tərəfindən möhür və nizamnamələr, məşqçilərə isə müvafiq sertifikatlar təqdim olunub. Daha sonra iştirakçılarla aparılan müzakirələrdə bildirilib ki, bundan sonra Naxçıvan ölkə çempionatları və birinciliklərində vahid yığma komanda kimi təmsil olunacaq. Uzun illər bu sahədə fəaliyyət göstərən Namiq Musayev komandanın baş məşqçisi seçilib.

Eyni zamanda, hakim idarəçiliyi sahəsində mövcud çətinliklər də diqqətə çatdırılıb. Bu istiqamətdə nazirlik və federasiyanın birgə təşəbbüsü ilə beynəlxalq təcrübəyə malik hakimlərin Naxçıvana dəvət olunması, seminar və ustad dərslərinin təşkili ilə bağlı ilkin razılıq əldə edilib.                                                                                  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: