“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 8-də Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini
Firudin Qurbanov və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolundan söz açıblar.
Forumun ikinci hissəsində "Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasəti” mövzusuna həsr olunan panel görüşdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva və Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktorunun müavini Rəna Məmmədova iştirak ediblər.
Panel çərçivəsində Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik prinsipləri, gənclər siyasətinin institusional əsasları, təhsil və insan kapitalının inkişafından danışılıb. Eləcə də gənclərin dövlət idarəçiliyində və ictimai həyatda rolu, müasir dövrdəki yeni çağırışlar müzakirə olunub.
Forumda bu istiqamətdə reallaşdırılan silsilə tədbirlərlə bağlı və Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.
Xatırladaq ki, silsilə tədbirlər çərçivəsində “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat və "Zirvə" gənclər düşərgəsi baş tutub.