Peyntbol üzrə muxtar respublika birinciliyi yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinin peyntbol komandaları arasında muxtar respublika birinciliyi keçirilib.

Yarış Atıcılıq Mərkəzinin peyntbol meydançasında reallaşıb. Tələbələrlə yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının da qatıldığı birincilikdə, ümumilikdə, 7 komanda mübarizə aparıb. Atıcılıq Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri yarış gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması, peyntbolun onlar arasında təbliği və bu sahədə kütləviliyin təmin olunması məqsədi daşıyıb. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin komandaları finala adlayıblar. Maraqla gözlənilən həlledici qarşılaşmada universitet tələbələri daha sərrast və təmkinli oyunla qələbəyə sevinən tərəf olublar. Texniki Kollecin komandası ikinci sırada qərarlaşıb. Üçüncülük görüşünü üstünlüklə bitirən Naxçıvan Tibb  Kollecinin tələbələri də adlarını mükafatçılar sırasına yazdırıblar. 

Mükafatlandırma mərasimində Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli muxtar respublikada digər idman növləri ilə yanaşı atıcılıq idman növləri üçün də əlverişli şəraitin yaradıldığını bildirib. Gənclərin hərbi vətənpərvərlik, döyüş ruhunda formalaşması və onların zərərli vərdişlərdən uzaq olması baxımından atıcılıq vərdişlərinin artması üçün geniş imkanlar mövcuddur. Federasiyanın müasir Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, o cümlədən Şərurdakı tir atıcılığı bölməsi fəaliyyətini səmərəli şəkildə davam etdirir. Federasiya sədri gəncləri yaradılan şəraitdən bəhrələnməyə dəvət edərək, bu məşğuliyyətin onlar üçün faydalı olacağına əmin olduğunu vurğulayıb. 

Gənclər və İdman naziri Azad Cabbarov ölkəmizdə eləcə də onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında idmana xüsusi diqqət və qayğı ilə yanaşıldığını bildirərək bu sahədə formalaşan, uğurlu karyera quran, zehni və fiziki cəhətdən dayanıqlı olan yeni nəslin formalaşmasının sevindirici olduğunu deyib. İldən ilə genişlənən maddi-texniki baza və bu sahədə atılan addımların bəhrəsi kimi idmançılarımızın uğurları da artmaqda davam edir. 

Azad Cabbarov və Səhət Həbibbəyli idmançıları təbrik edərək onlara uğurlar arzulayıblar. Sonra qalib komandaların mükafatlandırılması olub. İlk üçlükdə yer alan təhsil müəssisələrinin tələbələrinə diplom və hədiyyələr təqdim olunub. Qalib komandalar həmçinin Atıcılıq Mərkəzinin xidmətlərindən ödənişsiz istifadə kuponu ilə mükafatlandırılıblar. 

 

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: