Futbol üzrə Almaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

A- A A+

Futbol üzrə Almaniya milli komandasının ABŞ, Kanada və Meksikanın birlikdə ev sahibliyi edəcəyi dünya çempionatı üçün 26 nəfərlik heyəti açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, komandanın baş məşqçisi Yulian Nagelsman Frankfurtda keçirilən təqdimatda heyəti elan edib.

Heyətdə qapıçılardan Manuel Noyer (“Bavariya”), Oliver Bauman (“Hoffenhaym”) və Aleksander Nübel (“Ştutqart”) yer alıb.

Yığmaya müdafiəçilərdən Valdemar Anton (“Borussia Dortmund”), Nataniel Braun (“Ayntraxt Frankfurt”), David Raum (“Leypsiq”), Antonio Rüdiger (“Real Madrid”), Niko Şlotterbek (“Borussiya Dortmund”), Conatan Tah (“Bavariya”), Malik Tiav (“Nyukals”) və Coşua Kimmix (“Bavariya”) çağırılıblar.

Baş məşqçi yarımmüdafiə xətti üçün Nadiem Amiri (“Mayns”), Leon Qoretska (“Bavariya”), Paskal Qross (“Brayton”), Camal Musiala (“Bavariya”), Feliks Nmeça (“Borussia Dortmund”), Aleksandr Pavloviç (“Bavariya”), Angelo Ştiller (Ştutqart) və Florian Virtsə (“Liverpul”) şans verib.

Hücum xətti üçün isə heyətdə Maksimilian Bayer (“Borussiya Dortmund”), Kay Haverts (“Arsenal”), Lennart Karl (“Bavariya”), Ceymi Levelinq (“Ştutqart”), Leroy Sane (“Qalatasaray”), Deniz Undav (“Ştutqart”) və Nik Voltemade (Nyukals) yer alıblar.

Milli komanda mayın 27-də Almaniya Futbol İttifaqının (DFB) tərəfdaşı “Adidas” şirkətinin Hersoqenauraxdakı bazasında dördgünlük təlim-məşq toplanışına başlayacaq. Komanda mayın 31-də dünya çempionatına hazırlıq çərçivəsində son yoxlama oyununu Mayns şəhərində Finlandiyaya qarşı keçirəcək. Almaniya yığması daha sonra ABŞ-yə yollanacaq. Komanda iyunun 6-da Çikaqoda turnir üçün son sınaq matçında ev sahibi ABŞ millisi ilə üz-üzə gələcək.

Dünya çempionatının E qrupunda yer alan Almaniya millisi iyunun 14-də Hyustonda Kurasao, iyunun 20-də Torontoda Kot d`İvuar, iyunun 25-də isə İst-Raterfordda Ekvador yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Almaniya millisi dörd dəfə futbol üzrə dünya çempionu adını qazanıb. Komanda bu titula 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: