Naxçıvanda velosipedlə “Sağlam şəhər turu” aksiyası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, mayın 26-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində velosipedlə “Sağlam şəhər turu” aksiyası keçirilib.
Sağlam həyat tərzinin təbliği, gənclər arasında fiziki aktivliyin təşviqi, ekoloji mədəniyyətin formalaşdırılması və şəhərin memarlıq irsinin tanıdılması məqsədilə təşkil olunan aksiyaya ümumilikdə 60-a yaxın iştirakçı qoşulub.
Tura Naxçıvan Tibb Kollecinin önündən start verilib. Şəhərin müxtəlif küçə və prospektlərini əhatə edən velotur zamanı iştirakçılar həm fiziki fəallıq nümayiş etdirib, həm də Naxçıvan şəhərinin müasir infrastrukturu, abadlaşdırılmış əraziləri və memarlıq nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Turun sonunda yenidən başlanğıc nöqtəsinə qayıdan iştirakçılar təxminən 7,5 kilometr məsafə qət ediblər.