Azərbaycan təmsilçisi futzal üzrə Çempionlar Liqasına əsas mərhələdən başlayacaq

A- A A+

UEFA Çempionlar Liqasının 2026-2027-ci illər mövsümünün reqlamenti açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yarış ötən il olduğu kimi keçiriləcək. Bu dəfə də ilkin və əsas mərhələnin oyunları miniturnir şəklində baş tutacaq. Oyunlar qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə keçiriləcək. Milli komandaların son reytinq cədvəlində (aprel) ilk “4-lük”də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq. Rusiya cəzalı olduğuna görə, Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.

İlkin və əsas mərhələnin püşkatması: 8 iyul

İlkin mərhələnin oyunları: 25-30 avqust

Əsas mərhələnin oyunları: 27 oktyabr – 1 noyabr

1/8 və 1/4 finalın püşkatması: 4 noyabr

1/8 final oyunları (ev və səfər): 23 noyabr, 4 dekabr

1/4 final oyunları (ev və səfər): 8 və 19 fevral 2027

Final: 6 və ya 7 // 8 və ya 9 may 2027

İlkin mərhələ

Aşağı reytinqli komandalar oyunlara bu mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Miniturnirin qalibləri (saydan asılı olaraq ən yaxşı ikinci yerin sahibi də ola bilər) əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ

A yolu

Reytinq cədvəlinin 1-11 və 16-19-cu yerlərində qərarlaşan klublar burada mübarizə aparacaqlar. Hər birində 4 iştirakçı olacaq. İlk 3 yeri tutan klublar 1/8 finala yüksələcək.

B yolu

12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda mübarizə aparacaqlar. Ancaq birinci yeri tutacaq 4 klub 1/8 finalda iştirak edəcək.

1/8 final

Ötən mövsüm ilk dəfə tətbiq edilən və elit raundu əvəz edən bu mərhələdə komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq.

1/4 final

Burada da şərtlər dəyişməyəcək. Eyni rəqiblər evdə və səfərdə üz-üzə gələcəklər. Yekunda üstünlük qazanan tərəf final mərhələsinə yollanacaq.

Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasının yeni mövsümündə də “Araz-Naxçıvan” təmsil edəcək. Komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: