Çox xoşdur ki, bu gün növbəti idman bayramına ev sahibliyi edirik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Bu layihənin artıq altıncı dəfə təşkil olunduğunu xatırladan nazir bildirib ki, yarış son dörd ildə beynəlxalq status daşıyır və müxtəlif ölkələrin iştirakını bir araya gətirir: “Gün ərzində ölkənin müxtəlif bölgələrində yerləşən hovuzlarda yarışlar keçirilir. Biz də monitorlar vasitəsilə həmin məkanlardakı yarışları izləyirik. Bildiyiniz kimi, turnirdə bütün yaş qruplarından olan insanlar iştirak edirlər. Yarışa maraq kifayət qədər böyükdür. Məqsədimiz üzgüçülüyün inkişafına və bu idman növünün daha da populyarlaşmasına töhfə verməkdir”.
Nazirin sözlərinə görə, ölkədə idmanın kütləviliyinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir və “Üzgüçülük hamı üçün” təşəbbüsü də bu məqsədə xidmət edir.
Qeyd edək ki, turnirə iyunun 5-də yekun vurulacaq.
