Naxçıvanda “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və "NAXIŞ-NƏRGİZ" Məhdud Məsuliyyətli Cəmiyyəti birgə təşkilatçılığı ilə 15-20 iyun 2026-cı il tarixlərdə Naxçıvan Şahmat Mərkəzində “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinqli turnir keçiriləcək.
“İsveçrə” sistemi üzrə 9 turdan ibarət turnirdə FIDE ID hesabı olan II dərəcəli şahmatçılar iştirak edə bilər. Turnirdə iştirak etmək istəyən şahmatçılar yarış elan olunduğu gündən etibarən 15 iyun 2026-cı il tarixinədək Naxçıvan Şahmat Mərkəzinə müraciət etməklə və ya 060 553 67 47 “WhatsApp” nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərlər.
Turnirin gündəlik nəticələri və xal cədvəli www.chess-results.com saytında yerləşdiriləcək.
Yekun nəticələrə əsasən I yerə 300, II yerə 200, III yerə 100 manat pul mükafatı, kubok, medal və diplomlar təqdim olunacaq. Həmçinin 8, 10, 12,14 yaşadək oğlan və qız şahmatçılar arasında hər yaş kateqoriyası üzrə ən çox xal toplayan şahmatçılar əlavə olaraq 50 manat pul və diplomla mükafatlandırılacaq.
Qeyd edək ki, turnirin təşkilində məqsəd “15 İyun – Milli Qurtuluş Günü”nün qeyd olunması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında şahmatın təbliği və inkişafına, şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqinin artırılmasına nail olmaqdır.
