Məcid Seyidov “Almatı – Türk Dünyasının Gənclər Paytaxtı 2025” layihəsinin bağlanış mərasimində iştirak edib - FOTOLAR
Almatı şəhərində keçirilən “Almatı – Türk Dünyasının Gənclər Paytaxtı 2025” layihəsinin bağlanış tədbirində ev sahibi Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan gənclər iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 12-14 iyun tarixlərini əhatə edən tədbirin əsas məqsədi türk dövlətlərinin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin inkişafına dəstək vermək olub.
Azərbaycanı Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidovun rəhbərliyi ilə 7 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib. Heyət proqram çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edərək layihəyə öz töhfəsini verib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nazir müavini Məcid Seyidov nümayəndə heyətlərinin rəhbərləri və rəsmilərlə görüşlər keçirib, aparılan müzakirələrdə iştirak edib. Çıxışlarında ölkəmizin layihəyə, ümumilikdə isə türk dünyasının birliyinə və həmrəyliyinə verdiyi yüksək dəyəri vurğulayıb. Nazir müavini Türk Dövlətləri Təşkilatının əsasının 2009-cu ildə məhz Naxçıvanda qoyulduğunu xatırladaraq Naxçıvan Sazişinin türk dünyasının inteqrasiyasında mühüm mərhələ olduğunu bildirib. O qeyd edib ki, ortaq tarix, dil və mədəniyyətə söykənən əməkdaşlığın inkişafında gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Məcid Seyidov Azərbaycanın türk dünyasının birliyinə və həmrəyliyinə daim xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən gənclər layihələrinin ortaq kimliyin möhkəmlənməsinə və gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Proqram çərçivəsində iştirakçılar gənclər siyasəti, innovasiya, rəqəmsallaşma, sosial inkişaf, liderlik və beynəlxalq əməkdaşlıq mövzularında keçirilən forumlarda, panel müzakirələrində, təlimlərdə və layihə təqdimatlarında iştirak ediblər. Bununla yanaşı, gənclər arasında təcrübə mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları dəyərləndirilib və ortaq təşəbbüslərin formalaşdırılması istiqamətində fikir mübadiləsi həyata keçirilib. İştirakçılar həmçinin Almatı şəhərinin tarixi-mədəni irsi ilə tanış olub, şəhərin görməli məkanlarını ziyarət edib, həmçinin türk dövlətləri arasında dostluq və həmrəyliyin təşviqinə xidmət edən ictimai və ekoloji aksiyalarda iştirak ediblər.
Qeyd edək ki, layihənin rəsmi bağlanış mərasimində Türk Dünyasının Gənclər Paytaxtı” statusu Almatı şəhərindən Özbəkistanın Xivə şəhərinə rəsmi şəkildə təhvil verilib.