Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində döyüş növləri üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasından (AŞDSF ) NUHÇIXAN-a verilən məlumata görə, 28 ölkədən 850 idmançının iştirak etdiyi yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunub. Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə öz güclərini sınayıblar.
Çempionatda idmançılarmızdan Tamerlan Şahverdiyev (27 kq), Riyad Əliyev (60 kq), Tural Qəhrəmanlı (60 kq) və Anar Novruzov (65 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Sabit Paşayev (+85 kq), Zamin Baxşıyev (65 kq) və İlqar Nəcəfli (ağır çəki), gümüş medala layiq görülüblər. Orxan Rzalı (40 kq), Həsən Həsənzadə (44 kq), Nihad Ağayev (60 kq), Murad Səmədov (60 kq), Ramil Abilov (65 kq), və Elçin Hüseynov (90 kq) bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə AŞDSF-nin prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynov rəhbərliyi altında mübarizə aparıblar.