Azərbaycan idmançıları Moskvada keçirilən uşu üzrə Avropa çempionatında vinçun növündə 6 medal qazanıblar.
Azərbaycan Uşu Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, çempionatda komandamız yeniyetmə, gənc və kişi kateqoriyalarında çinda və vinçun versiyaları üzrə mübarizə aparırlar.
Komandamız turnirə gənclərdən ibarət 16 nəfərlik heyətlə qatılıb. Onların altısı vinçun növündə çıxış edib. İdmançılarımız vinçun üzrə yarışlara ilk dəfə qatılmaqlarına baxmayaraq, maksimum nəticə göstərərək altı medal qazanıblar. Gənclərin yarışında Şamil Şükürov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklər arasında isə Elvin Eminli (48 kq), Elman Aslanov (60 kq) və Rasim Kərimov (70 kq) qızıl medal qazanıblar. Elçin Mamaşov (56 kq) gümüş, Elnur İsayev isə bürünc medallara layiq görülüblər.
Milli komandanın digər 10 üzvü isə aprelin 28-də çinda növündə qüvvələrini sınayacaqlar. Kişilərin yarışında üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (60 kq), dünya çempionatının bürünc medalçısı, İslamiadanın gümüş və bürünc mükafatlarının sahibi Ruslan Piriyev (65 kq) mübarizə aparırlar.
Komandamız çempionata federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə qatılıb.