Fərid Qayıbov: UFC turniri ölkəmizdə idmanın inkişafına və turizmə töhfə verir

A- A A+

UFC turniri ölkəmizdə idmanın inkişafına və turizmə töhfə verir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən UFC turniri ilə bağlı jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, ölkəmizdə bu cür mötəbər yarışların keçirilməsi dövlətimizin, xüsusilə də Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olur: “Dövlətimizin başçısının tapşırıq və tövsiyələri əsasında Azərbaycanda beynəlxalq idman yarışlarının təşkili uğurla davam etdirilir. Bildiyiniz kimi, ölkəmiz artıq uzun illərdir Formula 1 Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Təkcə ötən il onlayn bilet satışının statistikası göstərirdi ki, yarışları izləmək üçün 12 mindən çox xarici azarkeş Azərbaycana gəlib. Ötən il isə ilk dəfə olaraq UFC turniri regionda məhz Azərbaycanda təşkil olundu. Hazırda region ölkələri arasında bu turnirə yalnız Azərbaycan ev sahibliyi edir. Bu ilin əvvəlində UFC ilə növbəti üç ili əhatə edən yeni müqavilə imzalanıb və artıq həmin əməkdaşlıq çərçivəsində ilk turnir keçirilib. Qarşıdakı iki ildə də bu yarış ölkəmizdə təşkil olunacaq”.

Nazir turnirin çox uğurlu alındığını söyləyib: “Həm yerli azarkeşlər, həm də xaricdən gələn qonaqlar yarışa böyük maraq göstərdilər. Mübarizəni izləmək üçün 3 mindən çox xarici azarkeş Azərbaycana gəldi. Bu cür tədbirlər idmanın təbliği və inkişafı ilə yanaşı, turizmin inkişafına da mühüm töhfə verir.

Bakı təsadüfi olaraq dünyanın idman paytaxtı seçilməyib. Bu status uzun illər ərzində görülən işlərin, qazanılan təcrübənin nəticəsidir. Azərbaycan indiyədək çoxsaylı nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. İlk Avropa Oyunları 2015-ci ildə məhz Bakıda keçirilib. Ölkəmiz bundan başqa da müxtəlif multi-idman yarışlarını yüksək səviyyədə təşkil edib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: