Naxçıvan gömrükçüləri finala yüksəlib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikası gömrük orqanları arasında futzal üzrə ənənəvi çempionata start verilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunan yarışa 12 komanda qatılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası “B” qrupunda mübarizə aparıb. Oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub.

Maksimum nəticə ilə öz qrupunda birinci olan komandamız yarışın qaydalarına görə növbəti mərhələdə “A” qrupunda üçüncü yeri tutmuş “Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi” ilə qarşılaşıb. Rəqibini 9:4 hesabı ilə məğlub edən Naxçıvan gömrükçüləri finalın bir addımlığında Bakı Baş Gömrük İdarəsinin komandası ilə üz-üzə gəlib.

Aprelin 28-də keçirilən yarımfinal qarşılaşması gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissədə 2:0 hesabı ilə geri düşən komandamız ikinci hissədə rəqib qapısına üç dəfə yol tapmağı bacarmaqla mübarizədən qalib ayrılıb. Həmin oyunda dubl edən Ramazan Ağayev və Orxan Məmmədov komandamızın finala adlamasında əsas pay sahibi olublar.

Final qarşılaşması Ümummilli liderimizin doğum günündə - may ayının 10-da Azərbaycan Texniki Universitetinin Bakı şəhərindəki idman zalında keçiriləcək. Həlledici oyunda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: