Qəbələdə "Səyyar Gənclər Xidməti" layihəsinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi bu dəfə Qəbələ rayonunda fəaliyyətə başlayıb.

6–10 iyul tarixlərini əhatə edən layihənin əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin ictimai fəallığını artırmaq, onların yaradıcı potensialının inkişafına dəstək vermək, eləcə də regionlarda yaşayan gənclərin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli faydalanmasına şərait yaratmaqdır.

"Gənclərlə, gənclər üçün" devizi altında keçirilən layihənin açılış mərasimi 6 iyul tarixində açıq hava şəraitində təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış ediblər. Çıxışlarda layihənin region gənclərinin bilik və bacarıqlarının inkişafına, karyera imkanlarının genişləndirilməsinə, sosial fəallığın artırılmasına və gənclərin təşəbbüslərinin dəstəklənməsinə verdiyi töhfələr vurğulanıb.

Layihə çərçivəsində yaradılan "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları iştirakçıların böyük marağına səbəb olub. Gənclər müxtəlif vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda iştirak edərək həm nəzəri biliklərini artırıb, həm də praktiki bacarıqlarını inkişaf etdiriblər.

Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici sessiyalar keçirilib. Təlimlər zamanı iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında məlumatlandırılıblar.

Tədbirin sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə fəallıq göstərən gənclər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Noyabr ayınadək davam edəcək layihə ölkənin 20 şəhər və rayonunu əhatə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: