Naxçıvanda I Minifutbol Kubokunun püşkatma mərasimi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının akt zalında Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə ilk dəfə keçiriləcək "Naxçıvan Muxtar Respublikasının I Minifutbol Kuboku"nun püşkatma mərasimi baş tutub.
Turnirdə iştirak edəcək 20 komandanın nümayəndəsinin qatıldığı tədbirdə yarışın əsasnaməsi, oyunların keçirilmə qaydaları və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.
Daha sonra püşkatma şəffaf şəkildə həyata keçirilib, komandalar qruplara bölünüb və qrup mərhələsinin tərkibi müəyyənləşdirilib.
Komandaların nümayəndələri adından çıxış edən veteran futbolçu İlham Məmmədov Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyasına Naxçıvanda ilk dəfə belə nüfuzlu turnirin təşkilinə görə təşəkkürünü bildirib. O, püşkatmanın şəffaf və obyektiv keçirildiyini vurğulayaraq, bütün komandalara uğurlar arzulayıb və yarışın Naxçıvanda minifutbolun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, "Naxçıvan Muxtar Respublikasının I Minifutbol Kuboku" uğrunda turnir 2026-cı ilin iyul–sentyabr aylarında keçiriləcək.
Tədbir iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə başa çatıb.