Naxçıvan şəhərində cüdoçuların açıq məşqi təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar müxtəlif idman növləri üzrə açıq hava məşğələləri davam etdirilir. Məqsəd gənc nəslin tarixi-mədəni irsimizə marağının artırılması, memarlıq abidələrinin tanıdılması, idmanın və sağlam həyat tərzinin təbliğidir.
Layihə çərçivəsində növbəti açıq hava idman məşğələsi Mömünə Xatun türbəsinin ətrafındakı istirahət parkında keçirilib. Bu dəfə məşğələdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin cüdoçuları iştirak ediblər. Məşq zamanı cüdo üzrə müxtəlif texniki fəndlər və fiziki hazırlıq hərəkətləri icra olunub.
Layihə çərçivəsində açıq hava məşğələlərinin digər idman növləri üzrə də davam etdirilməsi və muxtar respublikanın müxtəlif tarixi-mədəni məkanlarını əhatə etməsi nəzərdə tutulur.