“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında ilk turun oyunları keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan şahmat Federasiyasınının vitse-prezidenti Seymur Talıbov və Türkiyə Şahmat Federasiyasının və FİDE-nın vitse prezidenti Gülkız Tülayın iştirakı ilə ilk turun rəmzi gedişi edilib. Bununla da yarışa start verilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən turnirə 14 ölkədən 356 zəka sahibi qatılıb. Ev sahibi Azərbaycanla yanaşı Belarus, Belçika, Gürcüstan, Yunanıstan, Hindistan, İran, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan şahmatçıları qələbə uğrunda mübarizə aparır.
Ən reytinqli zəka sahiblərinin yer aldığı “A” qrupunda muxtar respublika şahmatçıları - beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev, beynəlxaq ustalar Talıb Babayev, Toğrul Həsənzadə və FİDE ustaları Pərviz Qasımovla, Sadiq Məmmədov da iştirak edirlər. Bundan əlavə “B” və “C” qruplarında da Naxçıvan şəhəri və bölgələrdən olan şahmatçılar mübarizə aparırlar.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdir və festival mayın 10-u son görüşlərdən sonra yekunlaşacaq.
Emil Səmədov