Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Almaniyanın Avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş dörddəbir finalın ilk görüşündə “Benfika”ya uduzub - 2:4. Lakin bu komanda evdə 2 cavabsız qolla qalib gəlməklə, növbəti mərhələyə çıxıb. Bundan başqa, “Ayntraxt” onaltıdabir finalda Ukraynanın “Şaxtyor” klubunu (2:2, 4:1), ardınca isə İtaliyanın “İnter” komandasını (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.
“Çelsi” UEFA Avropa Liqasının cari mövsümündə keçirdiyi 12 oyundan heç birində uduzmayıb. Bir matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxandan sonra İsveçin “Malmö” (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) klubundan güclü olub.
Gecənin digər oyunu Londonda baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi “Atletiko”ya uduzan (1:1, 1:0) “Arsenal” “Valensiya”nı qəbul edəcək. “Qarabağ”la birgə “E” qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarımfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) kollektivlərindən güclü olub.
Yarımfinalçılar arasında cari Avrokubok mövsümündə çıxışına Çempionlar Liqasından başlayan yeganə komanda - “Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Vilyareal” (3:1, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bu komandaların arasında cavab qarşılaşması mayın 9-da olacaq.
UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.