“Heydər Əliyev kuboku” uğrunda boks turniri yekunlaşıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş boks üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdikləri turnirdə muxtar respublikanın şəhər və rayonlarından 14 çəki dərəcəsində 100-dən çox idmançı iştirak edib. Yeniyetmə, gənc və böyüklərin mübarizə apardığı yarış 2 gün davam edib. Nəticələrə gəlincə, Sinan Əbilov, Ramil Babayev, Alişan İsmayılov, Nazim Abazərli, Nizami Novruzov, Ayxan Quliyev, Hüseyn Hüseynov, Ayxan Süleymanov, Cəbi İsayev, İbrahim Cəfərzadə, Yunis Allahverdiyev, Sərvər Abdullayev, qızlardan Duyğu Hüseynova, Nuray Hümbətova müvafiq çəki dərəcələri üzrə bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Yekunda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov qalib idmançılara diplom və hədiyyələr təqdim ediblər. Komanda hesabında isə Naxçıvan idmançıları birinci olublar. Komandaya “Heydər Əliyev kuboku” təqdim edilib.
Elvin Quliyev