NUHÇIXAN xəbər verir ki, ən reytinqli şahmatçıların yer aldığı “A” qrupunun sıralamasında hələ ki, əmsallar əsas rol oynayır. Belə ki, ilk görüşlərini qələbə ilə başa vuran belaruslu Vladislav Kavalyov və Azərbaycan şahmatçıları Nicat Abbasovla, Eltac Səfərli ilk üçlükdə qərarlaşıblar.
Naxçıvan şahmatçılarından beynəlxalq qrossmeyster Urfan Sevdimalıyevlə, FİDE ustası Sadiq Məmmədov turu qələbə ilə tamamlayıblar. Pərviz Qasımov yarım xalla kifayətlənib. Talıb Babayevlə, Toğrul Həsənzadə üçün isə ilk görüşləri məğlubiyyətlə nəticələnib.
“B” qrupuna Gəncə şahmatçısı Amil Abbasov başçılıq edir. Bakı təmsilçiləri Qəhrəman Haqverdiyevlə, Ayxan Mustafayev ikinci, üçüncü pillələri bölüşürlər.
12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda Naxçıvan şahmatçısı Zahid Allahverdiyev cədvəlin ən üst pilləsindədir. Culfa təmsilçisi Sadiq Abbasovla Bakı şahmatçısı Arif Cəbrayıllı qalan iki sırada qərarlaşıblar. Hər üç qrupun ümumi nəticələrinə görə muxtar respublika şahmatçılarından 53-ü turu qələbə, 9-u heç-heçə, 38-i isə məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.
Emil Səmədov