Azərbaycanın aerobika üzrə komandası beynəlxalq turnirdə uğurla çıxış edib - FOTOLAR
Belarus və Azərbaycan təmsilçiləri idman aerobikası üzrə “Minsk-arena”da başa çatan II Avropa Oyunlarına beynəlxalq test yarışlarının bütün mükafatlarını qazanıblar.
NUHÇIXAN “Minsk-2019”a istinadla xəbər verir ki, Dmitri Zaxareviç və Yuliya Volodar doğma meydançalarında 18,150 bal toplayaraq qarışıq cütlüklərin turnirində qalib gəliblər. İkinci yeri Azərbaycandan olan idmançılar İmran İmranov və Mədinə Mustafayeva (17,600), üçüncü yeri isə daha bir belaruslu duet Yuri Xaletski və Yuliya Xramenkova (17,200) tutublar. Maraqlıdır ki, iştirakçılar təsnifat oyunlarının yekunlarında da bu ardıcıllıqla yer alıblar.
Qruplar arasında ən yaxşı nəticəni azərbaycanlılar İmran İmranov, Mədinə Mustafayeva, Balaxanım Əhmədova, Nərminə Hüseynova və Vladimir Dolmatov göstəriblər. Gümüş medalı “Belarus 2” komandası (Yuliya Volodar, Yuliya Xramenkova, Dmitri Zaxareviç, Alesya Zavadskaya, Anastasiya Budeyko), bürünc medalı isə “Belarus 1” komandası (Svetlana Lifenko, Alina Ked, Aleksandra Babak, Lyubov Aqareva, Anna Kasperoviç) qazanıblar.
Bütün iştirakçılar test yarışlarında yüksək təşkilatçılıq səviyyəsini qeyd ediblər.
II Avropa Oyunlarında idman aerobikası ustaları “Minsk-arena”da iyunun 24-25-də iki dəst mükafat uğrunda mübarizə aparacaqlar. Yarış proqramlarının iki növündə (qarışıq cütlər və qruplar) 56 idmançı çıxış edəcək.
Gimnastika növləri üzrə Oyunlara test tədbirləri silsiləsini bədii gimnastika və idman akrobatikası yarışları davam etdirəcək. Mayın 3-4-də “Minsk-arena”da xalça üzərinə xeyli sayda tanınmış idmançılar çıxacaq. Məsələn, tamaşaçılar bədii gimnastika yarışlarında dəfələrlə dünya çempionu olmuş rusiyalı Dina və Arina Averina bacılarını görəcəklər. Güclü idmançılar, həmçinin Belarusu da təmsil edəcək. Tribunaya giriş sərbəstdir.