Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin hərtərəfli inkişafının təmin edilməsi, onların cəmiyyətin fəal üzvü kimi formalaşdırılması və dövlət quruculuğu prosesinə daha yaxından cəlb olunmasıdır. Müasir dünyada insan kapitalı dövlətlərin inkişafını müəyyən edən əsas amillərdən biri hesab edilir. Bu baxımdan gənclərin təhsilinin, məşğulluğunun, sosial rifahının, vətənpərvərlik ruhunda yetişdirilməsinin və innovativ düşüncə tərzinin formalaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyildir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti məhz bu prinsiplərə əsaslanaraq son onilliklər ərzində özünü uğurlu model kimi təsdiq etmişdir.
Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə daha da zənginləşdirilmişdir. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni və idman həyatında aparıcı qüvvəyə çevrilmiş, dövlətin inkişaf strategiyasının əsas iştirakçılarından biri kimi çıxış edir. Azərbaycanın müstəqil dövlət kimi inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunda gənclər siyasəti xüsusi yer tuturdu. O, gəncləri yalnız gələcəyin deyil, həm də bugünün qurucuları hesab edir, onların intellektual potensialını ölkənin inkişafının əsas təminatlarından biri kimi qiymətləndirirdi. Heydər Əliyevin məşhur "Təhsil millətin gələcəyidir" fikri onun dövlətçilik fəlsəfəsində insan kapitalına verilən yüksək dəyərin ifadəsi idi. 1969-cu ildən başlayaraq Azərbaycanda elm və təhsilin inkişafında yeni mərhələ başlandı. Ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi, yeni ixtisaslar yaradıldı, elmi-tədqiqat fəaliyyətinin inkişafına xüsusi diqqət göstərildi. Uzaqgörən siyasətin nəticəsi olaraq minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Həmin dövrdə 15 mindən artıq azərbaycanlı gəncin 170-dən çox ali məktəbdə təhsil alması gələcək müstəqil Azərbaycanın peşəkar kadr potensialının formalaşdırılmasında mühüm rol oynadı.
Müstəqillik illərində isə gənclərlə bağlı dövlət siyasəti institusional əsaslar üzərində quruldu. 26 iyul 1994-cü il tarixində Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycanda dövlət gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinin başlanğıcı oldu. Bununla yanaşı, Azərbaycan Gənclərinin forumlarının keçirilməsi, istedadlı gənclərin "Qızıl kitab"a daxil edilməsi, gənclərlə bağlı qanunvericilik bazasının formalaşdırılması və vətənpərvərlik tərbiyəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Heydər Əliyevin gənclərə olan strateji baxışını aydın şəkildə nümayiş etdirirdi. Ümummilli Lider hesab edirdi ki, Azərbaycan gənci milli-mənəvi dəyərlərinə bağlı olmaqla yanaşı, müasir dünyagörüşünə, yüksək biliyə və peşəkar bacarıqlara da malik olmalıdır. Bu yanaşma sonrakı dövrdə həyata keçirilən bütün dövlət proqramlarının ideoloji əsasını təşkil etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələnin əsas xüsusiyyəti gənclərin yalnız sosial dəstəklə əhatə olunması deyil, onların ölkənin inkişaf prosesinin bilavasitə iştirakçısına çevrilməsi olmuşdur. Son illərdə qəbul edilmiş dövlət proqramları, strateji sənədlər və institusional islahatlar nəticəsində gənclərin təhsil, məşğulluq, sahibkarlıq, innovasiya, könüllülük və beynəlxalq əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, ölkənin müxtəlif bölgələrində Gənclər evlərinin yaradılması, 2011-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondunun təsis olunması, "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması və "Yüksəliş" müsabiqəsinin keçirilməsi dövlətin gənclərə göstərdiyi etimadın konkret təzahürləridir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına yaradılan imkanlar da insan kapitalının inkişafına hesablanmış mühüm dövlət siyasətidir. "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində minlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması ölkənin gələcək inkişafı üçün peşəkar mütəxəssis bazasının formalaşdırılmasına mühüm töhfə vermişdir.
Müasir dövrdə dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də innovasiya və rəqəmsal transformasiya sahəsində gənclərin potensialının inkişaf etdirilməsidir. Startap ekosisteminin genişləndirilməsi, rəqəmsal bacarıqların artırılması, süni intellekt, informasiya texnologiyaları və innovativ sahibkarlıq layihələrinin dəstəklənməsi Azərbaycan gənclərinin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Könüllülük hərəkatının inkişafı da son illərin mühüm uğurlarındandır. Böyük beynəlxalq tədbirlərdə, humanitar aksiyalarda, sosial layihələrdə və dövlət proqramlarında minlərlə gəncin könüllü kimi iştirakı onların liderlik bacarıqlarının, sosial məsuliyyət hissinin və vətəndaş mövqeyinin formalaşmasına mühüm təsir göstərmişdir.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri isə vətənpərvərlik tərbiyəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi igidlik dövlətin uzun illər ərzində həyata keçirdiyi gənclər siyasətinin real nəticəsi kimi tarixə düşdü. Minlərlə gənc döyüş meydanında böyük qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Bununla yanaşı, gənclər informasiya cəbhəsində də fəal fəaliyyət göstərərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verdilər.
Bu gün Azərbaycan gəncliyi yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da fəallığı ilə seçilir. Elm, təhsil, idman, mədəniyyət, innovasiya, sahibkarlıq və diplomatiya sahələrində qazanılan uğurlar ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin səmərəliliyini təsdiqləyən əsas göstəricilərdən biridir.
Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin mühüm nəticələri ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aydın şəkildə müşahidə olunur. Son illərdə muxtar respublikada gənclərin hərtərəfli inkişafının təmin edilməsi, onların ictimai fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi, intellektual potensialının gücləndirilməsi və məşğulluğunun dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu fəaliyyət dövlət gənclər siyasətinin regionlarda uğurlu tətbiqinin bariz nümunələrindən biridir.
Naxçıvan Muxtar Respublikasında yaşayan 472429 nəfər əhalinin 109107 nəfərini gənclər təşkil edir. Bu isə o deməkdir ki, muxtar respublika əhalisinin 23,1 faizi gənclərdən ibarətdir. Bu göstərici regionun zəngin insan kapitalına malik olduğunu göstərməklə yanaşı, həyata keçirilən dövlət gənclər siyasətinin əhatə dairəsinin və əhəmiyyətinin də nə qədər böyük olduğunu nümayiş etdirir. Gənclərin sosial-iqtisadi fəallığının artırılması istiqamətində görülən tədbirlər də mühüm nəticələr verir. Hazırda 4466 nəfər 29 yaşadək gənc müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğuldur. Bununla yanaşı, peşə hazırlığı kursları, özünüməşğulluq layihələri, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və müxtəlif məşğulluq proqramları vasitəsilə gənclərin əmək bazarına inteqrasiyası davamlı şəkildə təşviq edilir. Dövlət tərəfindən yaradılan imkanlar gənclərin yalnız işlə təmin olunmasına deyil, eyni zamanda onların peşəkar bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin reallaşmasına və iqtisadi fəallığının artırılmasına xidmət edir.
Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Son illərdə istifadəyə verilən müasir idman qurğuları, Gənclər evləri və digər sosial infrastruktur obyektləri gənclərin fiziki və intellektual inkişafı üçün geniş imkanlar yaradıb. İntellektual oyunlar, forumlar, təlimlər, düşərgələr, sosial layihələr və müxtəlif maarifləndirici tədbirlər gənclərin bilik və bacarıqlarının artırılmasına, onların liderlik keyfiyyətlərinin formalaşdırılmasına mühüm töhfə verir.
Naxçıvanda könüllülük hərəkatının genişlənməsi də dövlət gənclər siyasətinin uğurlu nəticələrindəndir. Hazırda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllülük proqramı üzrə 361 aktiv könüllü fəaliyyət göstərir. Bununla yanaşı, digər dövlət qurumlarının həyata keçirdiyi könüllülük proqramlarında da çoxsaylı gənclər iştirak edir. Könüllülük fəaliyyəti gənclərdə sosial məsuliyyət hissinin, təşəbbüskarlığın, komanda işi bacarıqlarının və liderlik keyfiyyətlərinin formalaşmasına mühüm təsir göstərir. Artıq gənclər yalnız tədbirlərin iştirakçısı deyil, onların təşəbbüskarı və təşkilatçısı kimi də çıxış edirlər.
Beynəlxalq əməkdaşlıq və gənclərin mübadilə proqramlarında iştirakı da xüsusi diqqət mərkəzində saxlanılır. Təkcə cari il ərzində 26 gəncin ölkə əhəmiyyətli tədbirlərdə və müxtəlif mübadilə proqramlarında iştirakı təmin edilmişdir. Bu cür proqramlar gənclərin beynəlxalq təcrübə qazanmasına, yeni bilik və bacarıqlara yiyələnməsinə, müxtəlif ölkələrin gəncləri ilə əməkdaşlıq əlaqələri qurmasına və müasir dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Muxtar respublikada idman sahəsində yaradılan müasir infrastruktur da gənclərin inkişafında mühüm rol oynayır. Olimpiya İdman Kompleksləri, ixtisaslaşmış idman məktəbləri və müxtəlif idman qurğuları minlərlə gəncin sağlam həyat tərzinə cəlb olunmasına imkan yaradır. Bunun nəticəsində Naxçıvanın gənc idmançıları respublika və beynəlxalq yarışlarda uğurla çıxış edir, Azərbaycanın idman şöhrətinin yüksəldilməsinə öz töhfələrini verirlər.
Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi də həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər, şəhid ailələri və qazilərlə görüşlər, tarixi-mədəni irsimizin təbliği istiqamətində həyata keçirilən layihələr gənclərdə dövlətçilik şüurunun və milli kimlik hissinin möhkəmləndirilməsinə xidmət edir. 44 günlük Vətən müharibəsi dövründə Naxçıvan gənclərinin həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq bu siyasətin real nəticəsini bir daha nümayiş etdirdi. Bu gün həmin gənclər ölkənin inkişafı, quruculuq işləri və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəal fəaliyyətlərini davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən layihələrin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərə sadiq, müasir düşüncəli, sağlam həyat tərzinə malik, təşəbbüskar və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsidir. Bu istiqamətdə reallaşdırılan layihələr gənclərin cəmiyyətin bütün sahələrində fəallığının artırılmasına, onların intellektual potensialının inkişafına və dövlətçiliyə sədaqət ruhunda formalaşmasına mühüm töhfə verir.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti uzunmüddətli strateji baxışa əsaslanan uğurlu dövlət idarəçiliyi modelidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən bu siyasət nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş, ölkənin sosial-iqtisadi inkişafında, dövlət idarəçiliyində, elm, təhsil, idman, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində mühüm nailiyyətlər əldə etmişdir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü fəaliyyət isə dövlət gənclər siyasətinin regionlarda uğurla tətbiq olunduğunu əyani şəkildə nümayiş etdirir. Gənclərin təhsil, məşğulluq, könüllülük, idman, innovasiya və ictimai fəallıq istiqamətlərində əldə etdikləri nəticələr onların cəmiyyətin inkişafında artan rolunu göstərir. Əhalisinin təxminən dörddə birini gənclərin təşkil etdiyi Naxçıvanda formalaşan sağlam, savadlı, vətənpərvər və təşəbbüskar gənc nəsil regionun və bütövlükdə Azərbaycanın gələcək inkişafının ən mühüm təminatlarından biridir.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, yaradılan imkanlar və həyata keçirilən məqsədyönlü proqramlar bir daha təsdiq edir ki, Azərbaycan öz gələcəyini etibarlı əllərə etibar edib. Məhz bu siyasətin nəticəsidir ki, müasir Azərbaycan gəncliyi milli dəyərlərinə sadiq, yüksək intellektə malik, innovativ düşüncəli və qlobal çağırışlara cavab verə bilən vətəndaş kimi formalaşaraq ölkənin dayanıqlı inkişafına töhfə verməyə davam edir.
Mirməcid Seyidov
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini,
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri
Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri
