Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) dünya çempionatındakı kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ehtimalını pisləyib.
NUHÇIXAN-ın məlumatına görə, təşkilat "X" sosial şəbəkəsindəki səhifəsində bəyanat yayıb.
Məlumatda ittifaq dünya çempionatında payın satılması planları barədə yayılan xəbərləri futbolun rəhbər orqanlarının heç vaxt keçməməli olduğu "qırmızı xəttin keçilməsi" adlandırıb. UEFA təkcə milli assosiasiyaları deyil, eyni zamanda, liqaları, klubları, oyunçuları, azarkeşləri, hökumətləri və bütün maraqlı tərəfləri vəziyyətə son dərəcə ciddi yanaşmağa çağırıb.
Bəyanatda vurğulanıb ki, xüsusilə də sövdələşmədən kimin maliyyə faydası əldə edəcəyi ilə bağlı şəffaflığın olmadığı bir vaxtda "futbolun ruhu və idarəetmə sistemi dəyişdirilə bilən əmtəə deyil". İttifaq əlavə edib ki, heç bir orqan "futbolun sahibi deyil" və FIFA-nın onu satmaq hüququ yoxdur.
Daha əvvəl "The Telegraph" nəşri xəbər vermişdi ki, FIFA prezidenti Canni İnfantino dünya çempionatındakı payın özəl investorlara satılmasını nəzərdən keçirir.
Bununla yanaşı, "Sky" telekanalı qeyd edib ki, UEFA-nın tərkibinə daxil olan milli federasiyaların nümayəndələri FIFA rəhbərinin təşəbbüsü ilə razılaşmadıqlarını müzakirə etmək üçün bu həftə təcili iclas keçirəcəklər.
Qeyd olunub ki, müvafiq planlar FIFA prezidenti Canni İnfantinonun təşkilatı necə idarə etməsi ilə bağlı UEFA-da yeni qəzəb dalğasına səbəb olub. Mənbənin məlumatına görə, əgər Beynəlxalq Futbol Federasiyasının rəhbəri öz niyyətindən əl çəkməsə, UEFA üzvləri dünya çempionatlarını boykot etmək kimi sərt hədəyə əl ata bilərlər.
Bu xəbərlər fonunda Böyük Britaniyanın Baş naziri Endi Börnhem də kəskin tənqidlə çıxış edib.
"İcazə verin, fikrimi aydın ifadə edim. Futbol investorlara məxsus deyil. O, tribunaları dolduran və hər həftə istənilən hava şəraitində meydançanın kənarında duran insanlara məxsusdur. Dünya çempionatı əmtəə deyil. Bu, idman dünyasında ən böyük yarışdır. Heç kimin onu satmağa haqqı yox idi. Bu sövdələşməni necə istəyirsiniz, adlandırın, ancaq oyunun, heç olmasa, bir hissəsini satan kimi onun əsl mahiyyətinə xəyanət etmiş olursunuz. Futbol azarkeşlərə məxsusdur. Belə olub və həmişə belə olacaq", - Britaniya hökumətinin rəhbəri "X"də yazıb.
