UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan klublarından "Zirə" və "Neftçi" də cavab matçına çıxacaq.
"Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.
Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
"Neftçi" isə Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.
Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.
