Tanınmış şahmatçılar Naxçıvanda keçirilən festivalın yüksək səviyyədə təşkil edildiyini vurğulayırlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında artıq üç tur geridə qalıb.
Yüksək reytinqli şahmatçıların iştirak etdiyi festivalda ABŞ-lı zəka sahibi, qrossmeyster Timur Qarayev də uğurlu oyun nümayiş etdirir. O, festival haqqında fikirlərini jurnalistlər ilə bölüşərək deyib: Bu, mənim Naxçıvana ilk səfərimdir. Açığı, turnir barədə məlumatlı idim, sadəcə, bəzi məsələlərə görə indiyə kimi iştirak etməmişəm. Ümumiyyətlə, Azərbaycan mənə çox doğmadır, burada mənim dostlarım yaşayır. Amerikada yaşamağıma baxmayaraq, Özbəkistanda doğulub böyümüşəm və şahmatı da məhz orada öyrənmişəm. İlk dəfə olaraq babam mənə 6 yaşımda şahmatın sirlərini öyrətməyə başladı. Atam isə təfəkkür və oyun vərdişini, hansı mövqedə necə oynamağı öyrətdi. Deyə bilərəm ki, mənim ilk müəllimlərim onlardır. Atamın və babamın mənə öyrətdiyi ən vacib şey oyunu necə sevməyimdir. Böyüdükcə şahmatın sirli, gözəl bir mühitinə sahib oldum. Şahmat mənim üçün bir zövqdür.
Beynəlxalq Şahmat Festivalına gəlincə, təşkilatçılıq baxımından yalnız bir söz deyə bilərəm – möhtəşəmdir. Burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır və onlarla eyni turnirdə oynamaq mənim üçün qürurvericidir. Naxçıvan şəhəri isə öz gözəlliyi və sakitliyi ilə məni valeh etdi. Eyni zamanda, mədəniyyətiniz Özbəkistan mədəniyyətinə çox oxşayır. Deyə bilərəm ki, insanların isti münasibəti, qonaqpərvərliyi və davranışını gördükcə, özümü ölkəmdə hiss edirəm. Digər tərəfdən, hər hansı bir ölkənin dilini öyrənməyi çox sevirəm. Son bir neçə ildə bütün səyahətlərimdə həmişə yerli əhali ilə ünsiyyət qurmağa çalışmışam. Elə Naxçıvanda da bunu edirəm. İnanıram ki, uğurlu başladığım festivalı elə uğurlu nəticə ilə də başa vuracağam.
Azərbaycanlı qrossmeyster Türkan Məmmədyarova isə bildirdi ki, Naxçıvan onun üçün doğma diyardır: Artıq 9-cu dəfədir ki, Beynəlxalq Şahmat Festivalında çıxış edirəm. İlk dəfə 2011-ci ildə keçirilən festivalda qadınlar arasında qalib adını qazanmışam. Turnirdə iştirak edənlərin sayı hər il artdıqca, rəqabət də yüksək olur. Cari turnirə heç də yaxşı başlamamışam. Buna baxmayaraq, sonadək mübarizə aparacağam. Bura hər dəfə gəldikdə özümü daha rahat hiss edirəm. Çünki Naxçıvanda insanların səmimiliyini, şəhərin gözəl, təmiz və sakit olmasını sevirəm. Təşkilatçılığa gəlincə, hər şey mükəmməl hazırlanıb və şahmatçıların rahatlığı üçün hər bir şərait yaradılıb. Fürsətdən istifadə edib təşkilatçılara minnətdarlığımı bildirirəm.