“Roborace” elektromobillərinin avtonom yürüş seriyasının təşkilatçıları iddia edirlər ki, dünyada ilk dəfə olaraq avtomatik avtomobillər arasında uğurlu yürüşü keçirə bilərlər. Sınaq məqsədilə İspaniyada Monteblanko trasında bu həftə keçirilən yürüşdə 3 robomobil iştirak edib.
NUHÇIXAN xəbər verir ki, elektromobil üçün bünövrə qismində sürücü üçün oturacaqlı “LMP1” kateqoriyalı “Ginetta” şassisi istifadə edilib. Lakin avtomobilin idarə olunma prosesinə tamamilə “DevBot 2.0” proqramı vasitəsilə nəzarət edilib. Təşkilatçılar baş tutan yürüşün nümayişini gələn həftəyə planlaşdırırlar. Lakin yürüşlərin keçirilməsi faktını “Roborace” seriyasının rəhbəri Lukas di Qrassi təsdiqləyib.
“Roborace” ideyası yeni deyil. Məhz bu yürüşlərin Formula E seriyasını dəstəkləyəcəyi barədə hələ 2015-ci ildə elan edilmişdi. Həm də seriyanın yaradıcısı Rusiya mənşəli “Kinetik” vençur fondudur. Fonda “Yota Group”un sabiq baş direktoru və Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin keçmiş müavini Denis Sverdlov rəhbərlik edir.
Lakin əvvəlki planlar həddindən artıq optimist olub. “Roborace” yarışlarını Formula E-nin məhz birinci mövsümündə keçirmək alınmadı, avtomatik maşınların son hazırlıq işləri bir neçə il çəkdi. 2017-ci ildə Argentinada Formula E uik-endi çərçivəsində yürüşlərin nümayişi avtomobillərdən birinin divara çırpılması ilə başa çatdı.
Bununla yanaşı, son vaxtlar bu mənada xeyli irəliləyiş əldə edilib. Avtomatik yürüş maşınları hətta Qudvudda ötənilki festivalda da iştirak edib. İndi bu sahədə yeni addım atılıb və artıq bu il İtaliyada, Böyük Britaniyada, Macarıstanda və ABŞ-da sınaq yürüşləri planlaşdırılıb. Buna baxmayaraq, cari plana uyğun olaraq, 2021-ci ildə “Roborace” Formula E-yə dəstək yarışları qismində keçiriləcək.
Avtomatik maşınların yürüşünün keçirilməsi avtomobil idmanının gələcəyi ilə bağlı çoxlu suallar ortaya qoyur. Çünki nəticədə robot insandan sürətli ola bilər. Lakin Lukas di Qrassi bu yarışların insanların iştirakı ilə keçirilən yarışlara ümumiyyətlə hər hansı təsiri olacağı qənaətində deyil. “İnsanlar arasında yürüşlər heç vaxt sona yetə bilməz. “Deep Blue” Harri Kasparova qalib gəldikdən sonra insanlar şahmat oynamağı dayandırmadılar. İnsanlar daim bir-biriləri ilə yarışacaqlar. Biz isə yalnız texnologiyanı inkişaf etdiririk”, - deyə o bildirib.