Mayın 4-də futzal üzrə Yüksək Liqada sonuncu – XXVIII turun oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turun ilk oyununda əzəli rəqiblər - EKOL və “Araz” komandaları qarşılaşıblar.
Hər iki komanda play-off mərhələsinə vəsiqəni təmin etdiyindən oyun formal xarakter daşıyıb. Finala gedən yolda da rəqib olacaq bu komandalar dörd gün əvvəl ölkə kubokunun dörddəbir final mərhələsində üz-üzə gəliblər və turu adlayan tərəf EKOL olub. Heyətlərə gəldikdə EKOL cəzalı olduğuna görə Emin Kürdovun xidmətindən istifadə edə bilməyib. Ramiz Çovdarov və Zaur Fərziyev də heyətdə yer almayıblar. “Araz” isə meydana tam heyətlə çıxıb. Fasiləyə komandalar oyuna başladıqları hesabla yollanıblar. EKOL daha istəkli olsa da, rəqib baş məşqçi yarımfinal öncəsi ehtiyat qüvvəni də hazır vəziyyətə gətirməyi düşünüb. Elə start “4-lük”, meydanda onların daha çox qalması da bunu deməyə əsas verib. İkinci hissə də eyni ssenari üzrə davam edib. Ancaq 25-ci dəqiqədə Faiq Əliyev rəqibini keçmək istəyərkən topu itirməsi qapıçı ilə duelə yollanan “Araz”ın futzalçısı Emil Həsənzadənin sükutu pozması ilə yekunlaşıb. 29-cu dəqiqədə “Araz” azlıqda qalıb. Xətai Bağırov birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. EKOL 2 dəqiqə ərzində say üstünlüyündən istifadə edə bilməyib. Daha doğrusu Radik Əhmədovun zərbəsi tirdən qayıdıb. Oyunun sonlarına yaxın təzyiqi artıran EKOL-dan Əsgər Abasov yaxın məsafədən qapıçını məyus edə bilməyib. Nəticədə “Araz” əsas mərhələni qalib başa vurub – 1:0.
İkinci oyunda isə “Xəzər Cənub” və “Liman” komandaları qarşılaşıblar. Görüş “Xəzər Cənub”un 24:7 hesablı qələbəsi ilə yekunlaşıb. On beş qol vuran Hadi Rezva bombardirlər yarışında liderliyini davam etdirir.
Qeyd edək ki, çempionatın play-off mərhələsinə “Araz”, EKOL, “Neftçi” və “Xəzər Cənub” komandaları yüksəliblər.