Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının beşinci turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, “A” qrupunun liderləri – qrossmeyster Timur Qarayev (ABŞ) azərbaycanlı qrossmeyster Nicat Abbasovla, belaruslu qrossmeyster Vadim Malaxatko azərbaycanlı qrossmeyster Eltac Səfərli ilə, azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərov qrossmeyster Fərid Abbasovla, ukraynalı qrossmeyster Eldar Qasanov yunanıstanlı qrossmeyster Kotronias Visiliosla qarşılaşıblar. Bütün oyunlar heç-heçə ilə nəticələnib.
Naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev bu turda FIDE ustası Rəşad Zeynallı ilə qarşılaşmada məğlubiyyətlə üzləşib.
İlk 5 turdan sonra Eltac Səfərli, Timur Qarayev, Nicat Abbasov, Vadim Malaxatko və Ortik Niqmatovun aktivində 4 xal var.
“B” qrupuna aktivində 5 xal olan azərbaycanlı şahmatçı Amil Abbasov başçılıq edir.
Beynəlxalq Şahmat Festivalının “C” qrupuna naxçıvanlı şahmatçı Uğur Həsənli beş xalla liderlik edir.