Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Naxçıvan marafonu-2019” keçirilib. Marafonun məqsədi ulu öndərin xatirəsini yad etmək, idmanın inkişafına dəstək göstərmək, gəncləri bir araya gətirərək onlara sağlam həyat tərzi aşılamaq, “Naxçıvan marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək və xarici idmançıların, qonaqların bu yarışa qoşulmasına nail olmaq, o cümlədən turistləri muxtar respublikamıza cəlb etməkdən ibarətdir.
“Sağlamlıq üçün qaç!” şüarı altında təşkil olunan 11 kilometrlik yarımarafon saat 10:00-da İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölünün ətrafında başa çatıb. Muxtar respublikada ilk dəfə təşkil olunan marafon kütləviliyi ilə seçilib. Marafona yaşı 14-dən yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə iki mindən çox şəxs qeydiyyatdan keçib. Həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yarışa muxtar respublikada fəaliyyət göstərən 40-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub. Marafonda azərbaycanlı tələbələr ilə yanaşı, Banqladeş, Nigeriya, İran İslam Respublikası, Türkiyə Respublikasından olan tələbələr də mübarizə aparıblar. Marafonda muxtar respublikanın bütün rayonlarından olan gənclər, o cümlədən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllüləri, sosial könüllülər, nəqliyyat könüllüləri də fəal iştirak ediblər.
Yarış Olimpiya İdman Kompleksinin qarşısı, Xətai məhəlləsi, daha sonra Şıxmahmud və Xəlilli kəndlərindən keçərək Nəbatat bağı boyunca Uzunoba gölü ətrafınadək marşrutu əhatə edib. Marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su və ilkin tibbi yardımla təmin ediblər.
Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıblar. Marşrut boyu ümumilikdə bir neçə avtobus dayanacağı fəaliyyət göstərib.
Yarışın fan zonası finiş nöqtəsində - Uzunoba gölü ətrafında təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar, isti manqal yeməkləri və sərin içkilər təqdim edilib.
Yarışın finiş xətti və təltifetmə mərasimi də Uzunobada hazırlanan yekun tədbirdə baş tutub. Marafonda kişilər arasında könüllü Qəşəm Səfərov finiş xəttinə hamıdan tez çatıb. Mahir İbrahimov (hərbiçi) ikinci, Əkbər Mehdiyev (Naxçıvan Dövlət Texniki Kolleci) üçüncü olub.
Qadınlar arasında isə "Rabitəçi" klubunun üzvü Gülayə Cəfərova hamıdan sürətli qaça bildiyini sübut edib. Digər iki pillədə isə müvafiq olaraq Nazlıcan Çakır (Rabitəçi) və İlkanə Babayeva (Naxçıvan Dövlət Texniki Kolleci) qərarlaşıblar.
Sonra “Naxçıvan marafonu-2019”un qaliblərinin mükafatlandırma mərasimi olub. Qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində ilk yerin sahibləri 1000, ikinci yeri tutanlar 500, üçüncü yerə çıxanlar isə 300 manat məbləğində mükafatla təltif ediliblər.
Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü-onuncu yerləri tutan şəxslərə müxtəlif qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, “Naxçıvan marafonu-2019”a yüzlərlə könüllü gənc dəstək göstərib. Buna görə yarışın təşkilində dəstək göstərən könüllülərə tədbirdən sonra sertifikatlar təqdim olunacaq.