Sərbəst güləş üzrə muxtar respublika turniri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin açılış mərasimində çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti muxtar respublikada uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində müasir idman infrastrukturu yaradılmış, idmanın kütləviliyi təmin edilmişdir. Gənclərin fiziki hazırlığı və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. Göstərilən dövlət qayğısı nəticəsində idmanın güləş növü ilə məşğul olanların sayı da ildən-ilə artır. Hazırda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə 2 minə yaxın idmançı məşğələlərdə iştirak edir. Güləşçilərimiz beynəlxalq yarışlarda, Dünya və Avropa çempionatlarında uğurlar qazanırlar.
Azər Zeynalov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika çempionatının da sağlam idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirib, yarışı açıq elan edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili sahəsində görülən işlərdən danışıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub.
Turnirdə 100-dən çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Yekun nəticəyə əsasən, Tuncay Məmmədov (45 kiloqram), Uğur Məmmədov (48 kiloqram), Yusif Əhmədli (51 kiloqram), Seymur Qasımov (55 kiloqram), Abbas Nəzərəliyev (60 kiloqram), Əli Əlioğlu (65 kiloqram), Anar Həsənov (71 kiloqram), Rəvan Bayramov (80 kiloqram), Qoca Əhmədov (92 kiloqram) və Nuran Vəliyev (110 kiloqram) qalib adını qazanıblar. Komanda hesabında isə turnirin baş mükafatını “Naxçıvan” komandası qazanıb.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.