NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalının altıncı turunun nəticələri məlum olub.
“A” qrupunda yüksək reytinq uğrunda mübarizə aparan şahmatçılardan ilk 3 yeri Ortik Niqmatov (Özbəkistan), Timur Qareyev (ABŞ), Vadim Malaxatko (Belarus) öz aralarında bölüşürlər.
Bu qrupda yer alan Naxçıvan şahmatçılarından Urfan Sevdimalıyev və Toğrul Həsənzadə altıncı görüşü heç-heçə ilə başa vurublar. Sadiq Məmmədov isə yarış masasını məğlub tərk edib. Bu turda bir-biri ilə qarşılaşan digər iki təmsilçimizdən Talıb Babayev və Pərviz Qasımovun görüşündən ikinci qalib ayrılıb.
“B” qrupuna Bakı şahmatçısı Elxan Bayramov başçılıq edir. Ağdam idmançısı Fariz Əhmədov və Gəncə şahmatçısı Amil Abbasov ikinci və üçüncü pillələri bölüşürlər.
12 yaşadək şahmatçıların yer aldığı “C” qrupuna liderliyi Gəncə şahmatçısı Niyazı Qafarov edir, digər yerləri isə Ordubad idmançıları Uğur Həsənli və Elçin Rza öz aralarında bölüşürlər. Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.