Mayın 8-də UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün ikinci yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçı Hollandiyada təşkil olunacaq. “Ayaks” doğma azarkeşlər önündə İngiltərənin “Tottenhem” kollektivini qəbul edəcək.
İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amsterdam klubuna finala vəsiqə qazanmaq üçün bu görüşdə istənilən heç-heçə sərf edəcək. “Tottenhem” isə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. Qonaqların 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.
Hər iki komandanın heyətində cəzalı oyunçu olmasa da, zədəlilər var.
Meydan sahiblərində Karel Eytinq və Hassan Bandenin matçı buraxacağı dəqiqdir. London klubu isə Harri Vink, Erik Lamela və Harri Keynin xidmətindən yararlana bilməyəcək. Yan Vertongen və Serj Oryenin durumuna isə oyun vaxtı aydınlıq gələcək.
“Ayaks” klubu qrup mərhələsindən sonra ardıcıl olaraq İspaniyanın “Real Madrid” komandasını və İtaliya “Yuventus”unu mübarizədən kənarlaşdırıb. “Tottenhem” isə Almaniyanın “Borussiya” və ölkəsinin digər komandası “Mançester Siti”dən güclü olub.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi finalda “Liverpul”la qarşılaşacaq.
Final görüşü iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda təşkil olunacaq.