“Qarabağ” Kiprin APOEL klubunda çıxış edən braziliyalı futbolçu Dieqo Rosa üçün yeni təklif göndərib.
NUHÇIXAN Kipr mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi yarımmüdafiəçini 200 min avro qarşılığında birillik icarəyə götürmək istəyir. Təklifdə 2027-ci ilin yayında 1 milyon avroya məcburi satınalma şərti də yer alıb.
Bildirilib ki, bu şərt futbolçunun “Qarabağ”da müəyyən sayda oyunda iştirakından asılı olacaq. Beləliklə, transferin ümumi məbləği 1,2 milyon avro təşkil edə bilər.
“Qarabağ” daha əvvəl futbolçuya görə APOEL-ə 150 min avro icarə haqqı və 850 min avroluq satınalma şərti təklif etmişdi.
Qeyd edək ki, Dieqo Rosanın APOEL ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Futbolçu ilə “Neftçi” və İsrailin “Makkabi” (Hayfa) komandalarının da maraqlandığı iddia olunur.
