Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, festivalın 9-cu turunda “A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayevin belçikalı qrossmeyster Vadim Malaxatko ilə görüşü heç-heçə nəticələnib.
Azərbaycanlı qrossmeysterlər Eltac Səfərli Nicat Abasova, beynəlxalq usta Məhəmməd Muradlı isə gürcüstanlı qrossmeyster Tornike Sanikidzeyə məğlub olublar. Beynəlxalq usta Vüqar Əsədli (Azərbaycan) həmkarı Ortik Niqmatovla (Özbəkistan) heç-heçə oynayıb.
Naxçıvanlı zəka saihiblərindən qrossmeyster Urfan Sevdimalıyev beynəlxalq usta Abdulla Qədimbəyliyə, FIDE ustası Sadiq Məmmədov qrossmeyster Xəyalə Abdullaya məğlub olub. Beynəlxalq usta Toğrul Həsənzadə Ləman Hacıyeva ilə, FİDE ustası Pərviz Qasımov isə beynəlxalq usta Xanım Balacayeva ilə xalları bölüşüblər. Beynəlxalq usta Talıb Babayev hindistanlı beynəlxalq usta Nandhidhaa PV üzərində qələbə qazanıb.
Doqquz görüşdən 7,5 xal toplayan qrossmeyster Timur Qarayev (ABŞ) turnirin qalibi olub. Qrossmeysterlər Nicat Abasov (Azərbaycan) 7 xalla ikinci, Tornike Sanikidze (Gürcüstan) isə 6,5 xalla üçüncü olub. Digər 5 zəka sahibi 6 xalla 4-8-ci yerləri bölüşür.
“B” qrupunda Elxan Bayramov Eldar Musayevi məğlub edərək 8,5 xalla birinci yerə yüksəlib. Atilla Eynullayev 7,5 xalla ikinci, Amil Abbasov, Şahin Hüseynov və Elvin Bayramov 7 xalla 3-5-ci yerləri bölüşürlər.
Festivalın “C” qrupunda rusiyalı İlqar Məmmədov 8 xal toplayaraq birinci olub. Niyazi Qafarov, Nazar Talqatov və Zahid Allahverdiyev 7,5 xal toplayaraq, 2-4-cü yerləri bölüşüblər.