Avropa birinciliyinin mükafatçısı Fəxrəddin Allahverdiyev Naxçıvanda qarşılanıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Kosovonun Priştina şəhərində keçirilən ağırlıqqaldırma üzrə U15 və yeniyetmələr arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil edən Şərur Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) şagirdi Fəxrəddin Allahverdiyev Naxçıvana geri dönüb.
İdmançını qarşılamaq üçün məktəbin kollektivi və idmançıları, Fəxrəddin Allahverdiyevin yaxınları, doğmaları Naxçıvan Beynəlxalq Hava Limanına gəliblər. Qarşılanma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Şərur UGİM-in direktoru Səbuhi Quliyev və idmançının müəllimi, Əməkdar məşqçi Şəfi Hüseynov Fəxrəddin Allahverdiyevi qazandığı yüksək nəticə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıblar.
Xatırladaq ki, Avropa birinciliyində 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Fəxrəddin Allahverdiyev birdən qaldırma hərəkətində 122 kiloqram, təkanla qaldırmada isə 150 kiloqram nəticə göstərərək hər iki hərəkətdə gümüş medal qazanıb. Toplam nəticəyə görə də fəxri kürsünün ikinci pilləsində qərarlaşan idmançı qitə birinciliyini ümumilikdə 3 gümüş medalla tamamlamışdı.