Naxçıvandakı şahmat bayramı iştirakçıların yaddaşında unudulmaz anlarla qalıb

A- A A+

Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı uğurla başa çatdı. Yüksək təşkilatçılığı, əhatə dairəsi, əlamətdar tarixi təqvimi, gərgin və peşəkar mübarizələri ilə tarixiləşən bu festival iştirakçıların hafizəsinə unudulmaz təəssüratlarla yazıldı.

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qalibi olan amerikalı qrossmeyster Timur Qarayev AZƏRTAC-a müsahibəsində deyib: “Mayın 1-dən davam edən şahmat həyəcanı sona çatdı və mən artıq bu turnirin qalibiyəm. Turnirin son günündə belaruslu şahmatçı Vadim Malaxatko ilə heç-heçəyə razılaşdım və bu, mənim çempionluğum üçün kifayət idi. Bir-birindən gərgin və maraqlı keçən oyunlardan sonra arzu etdiyim nəticəyə çatdığım üçün özümü xoşbəxt hiss edirəm”.

Timur Qarayev Naxçıvanın qədim tarixinin, mədəniyyətinin, füsunkar təbiətinin onda xoş təəssüratlar doğurduğunu bildirərək vurğulayıb ki, indiyə qədər gəzib gördüyü məkanlar arasında Naxçıvanın özünəməxsus yeri var.

Naxçıvanda şahmatçılar üçün yaradılan şərait barədə danışan amerikalı qrossmeyster deyib: “Naxçıvan şahmat oynamaq üçün əla yerdir. Burada şahmat taxtası arxasında oyunlara daha dərindən konsentrasiya olunurdum. Naxçıvana ilk dəfədir ki, gəlirəm. Bu festivalda iştirak edə bilmək üçün imkan yarandıqda mən buna həvəslə razılaşdım. Hər bir insanın ilk dəfə səfər etdiyi yerdə cəmi 10 günün içində hamı tərəfindən tanınması böyük sevincdir və bu xoşbəxtliyi mənə yaşatdığı üçün festivalın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Naxçıvanda olduğumuz zaman asudə vaxtlarımızda gəzib gördüyümüz yerlər, burada rastlaşdığım istiqanlı insanlar məndə yüksək qonaqpərvər Şərq mədəniyyəti təəssüratı formalaşdırdı. Dünyanın hər yerində olmasam da, beynəlxalq turnirlərdə iştirakla əlaqədar çox sayda ölkəyə səfər etmişəm və Naxçıvanda gördüklərim bu təəssüratlarımı daha da zənginləşdirdi”.

Şahmat festivalındakı təşkilatçılıq barədə danışan Timur Qarayev vuvğulayıb ki, “A” qrupundakı bütün şahmatçılar dünya səviyyəli idilər: “İlk iki turda qarşılaşdığı naxçıvanlı şahmatçıları da keçmək mənim üçün asan olmadı. Bir çoxları şahmatı gərgin zəka oyunu adlandırsalar da, bu yarış oyunçuların bir-birini daha yaxından tanımaları üçün fürsətdir. Festivalda mən çox sayda şahmatçı ilə tanış olub, dostlaşdım. Bir daha bu gözəl diyarda keçirdiyim günlər, maraqlı şahmat oyunları üçün festivalın təşkilatçılarına minnətdarlıq edirəm”.

Həmsöhbət olduğumuz digər şahmatçı türkiyəli FIDE ustası Emirhan Tarlabaşı bildirib ki, əvvəllər bir sıra yarışlarda iştirak etsə də, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalına ilk dəfədir qatılır.

“Böyük qürurla deyə bilərəm ki, festival yüksək səviyyədə təşkil olunmuşdu, oyunlar maraqlı keçdi. Burada dünyanın bir sıra ölkələrinin beynəlxalq qrossmeysterləri, FIDE ustaları iştirak etdiyindən böyük yarış təcrübəsi qazana bildim. Mən “A” qrupunda mübarizə apardım. Düzdür, ilk görüşlərdə ürəkaçan nəticə əldə etməsəm də, son oyunlar mənim üçün uğurlu oldu”, - deyən türkiyəli FIDE ustası qeyd edib ki, Naxçıvanda onları çox xoş və qonaqpərvərliklə qarşılayıblar, səmimi münasibətin şahidi olublar: “İstanbulda yaşayan biri kimi deməliyəm ki, orada Naxçıvandakı qədər yaşıllıq ərazilər, ağaclar yoxdur. Yaz fəsli qədim diyarın gözəlliyinə gözəllik qatıb, hər addımda səliqə-sahmanın, sakitliyin hökm sürməsi bir zəka sahibi kimi mənim ruhumu dincəltdi, əhval-ruhiyyəmə çox müsbət aura bəxş etdi. Festival çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etmək imkanım oldu. Gördüklərimdən heyrətə gəldim, tuneldəki duz laylarının quruluşuna heyranlıqla tamaşa etdim. Oğuz yurdunda olduğum müddətdə buranın tarixi-mədəni abidələri, təbiət əraziləri barədə də şifahi məlumat əldə etdim. Amma çox təəssüf edirəm ki, oyunların sıxlığından həmin yerləri gəzmək fürsətim olmadı. Onun üçün də gələcəkdə yenidən Naxçıvana gələrək buranı doyunca gəzmək niyyətim var”.

Özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov isə bildirib ki, favoritlərdən olan belaruslu Vladislav Kovalyov kimi güclü bir rəqiblə heç-heçə oynamağı özü üçün yaxşı nəticə sayır. “Şübhəsiz, festivalda təşkilatçılıq yüksək səviyyədə idi. Bir beynəlxalq səviyyəli şahmat yarışı üçün hər şey mükəmməl hazırlanmışdı”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: