Mayın 12-də futbol üzrə Türkiyə Superliqasının XXXII turunun daha dörd oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Başakşəhər" öz meydanında “Ankaragücü"nü qəbul edib. Görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edən İstanbul komandası vacib üç xal qazanıb.
Qarşılaşmada hesabı 17-ci dəqiqədə Tiler Boydin vurduğu qolla qonaqlar açıblar. Birinci hissə 0:1 hesabı ilə "Ankaragücü"nün üstünlüyü ilə başa çatıb.
Lakin ikinci hissədə hücumlarının kəsərini artıran ev sahibləri hesabı öz xeyirlərinə çevirməyə nail olublar. Əvvəlcə Edin Viskanın məhsuldar ötürməsindən sonra Riyad Bajiç fərqlənib - 1:1. Matçın 62-ci dəqiqəsində isə meydana təzəcə daxil olan braziliyalı Robinyo komandasını hesabda irəli çıxarıb – 2:1.
Beləliklə, bu oyundan sonra xallarının sayını 66-ya çatdıran baş məşqçi Abdullah Avcının yetirmələri Türkiyə çempionatında ikinci sıradakı mövqelərini qoruyublar. Eyni xala malik olan "Qalatasaray" top fərqinə görə liderdir. Hesabında 59 xal olan "Beşiktaş" isə turnir cədvəlinin üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, növbəti turda “Qalatasaray”la “Başakşəhər” qarşılaşacaq.
Günün digər qarşılaşmalarında isə "Kayseripor" komandası "Kasımpaşa"ya 2:1, "Yeni Malatyaspor" isə "Ərzurumspor"a 3:1 hesabları ilə qalib gəlib. "Konyaspor" - "Trabzonspor" matçı isə 2:2 hesabı ilə yekunlaşıb.
Tura "Beşiktaş"-"Alanyaspor" matçı ilə yekun vurulacaq.