Gənclər və İdman Nazirliyi ilə Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında sentyabrın 12–14-də Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Su İdman Növləri Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, ölkəmizlə yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində baş tutacaq. Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da başlayacaq.
Qeyd edək ki, açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.
