NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində sentyabrın 19-u “Velo FEST” velosiped festivalının keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində şəhər daxilində 100-dən çox peşəkar və həvəskar velosipedçilərin iştirakı ilə 7 kilometrlik veloyürüş təşkil ediləcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Festivalın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmana marağın təşviq edilməsi, velosipeddən ekoloji nəqliyyat vasitəsi kimi istifadənin genişləndirilməsi, velosiped mədəniyyətinin formalaşdırılması və gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
Tədbirin əsas hissələrindən biri şəhər daxilində keçiriləcək 7 kilometrlik veloyürüş olacaq. Veloyürüşün ardından 300 nəfərdən çox gəncin iştirakı ilə festival proqramı keçiriləcək. Festival çərçivəsində sağlam həyat tərzi, velosiped təhlükəsizliyi və ekoloji nəqliyyat mövzularında seminar və maarifləndirici təqdimatlar, müxtəlif sərgilər, həmçinin gənc musiqiçilərin iştirakı ilə mədəni və əyləncə proqramları təşkil olunacaq.
“Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri gənclər arasında velosiped idmanının təbliği, regionlarda velosiped mədəniyyətinin inkişafına dəstək verilməsi və sağlam həyat tərzinin təşviq edilməsidir.
