Atletlərin mübarizəsi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Yarışda oğlan və qız atletlər 5 km məsafə qət ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdikləri yarışa 300-dən artıq idmançı qatılıb. Turnirdə ali və orta ixtisas təhsili müəssisələri, rayon komandaları, eləcə də Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər. Oğlanlar arasında finiş xətini hamıdan tez qət edən “Rabitəçi” idman klubunun atleti Əmrah Nağıyev birinci yerə layiq görülüb. Klubun digər idmançılarından Qəşəm Səfərov ikinci, Səfər Tağıyev isə üçüncü yerin sahibi olub.
Qızların mübarizəsində “Rabitəçi” idman klubunun atletlərindən Aysu Abbasova birinci, Xatun Orucova ikinci, Naxçıvan Dövlət Universitetinin təmsilçisi Nazlıcan Çakır isə üçüncü yerə çıxıb.
Mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Resbulikası Gənclər və İdman Naziri Azad Cabbarov və Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, qalibləri təbrik edib, gənclərə qarşıdakı yarışlarda uğurlar arzulayıblar.
Sonda yer tutan və fərqlənən idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.
Elvin Quliyev