Dörd boksçumuz Avropa birinciliyinin dörddəbir final mərhələsinə yüksəlib

A- A A+

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin 7 idmançısı rinqə çıxıb. Onlardan dördü adını 1/4 finala yazdırıb.

NUHÇIXAN xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Maqsud Xasmetov Ramil Əliyevlə (Belarus) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş həmyerlimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. M.Xasmetov 1/4 finalda rusiyalı Dimitri Batyayla üz-üzə gələcək. Qarşılaşma aprelin 22-də olacaq.

Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov ikinci görüşünü də aktivinə yazıb. Həmyerlimiz rusiyalı Kaqir Minatullayevlə gərgin keçək görüşdə 3:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikolay Terteryanla (Danimarka) döyüşəcək. Qarşılaşma aprelin 21-də olacaq.

Digər boksçumuz Səbuhi Abışov (64 kq) Arman Dabaqyanla (Polşa) üz-üzə gəlib. Həmyerlimiz rəqibinə heç bir şans verməyib – 5:0. O, 1/4 finalda Sebastyan Terteryanla (Danimarka) üz-üzə gələcək. Döyüş aprelin 22-də keçiriləcək.

Nicat Həsənovun (69 kq) da startı uğurlu alınıb. O, 1/8 finalda Stefan Ristanoviçi (Serbiya) yarışdan kənarlaşdırıb. Boksçumuz növbəti döyüşündə Mikita Buçko (Belarus) ilə gücünü yoxlayacaq. Qarşılaşma aprelin 21-də baş tutacaq.

Boksçularımızdan Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq) və Məhəmməd Yusifov (75 kq) isə məğlubiyyətə üzülərək yarışla vidalaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: