“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?
Rumıniyanın nüfuzlu “Eurosport” idman nəşri Formula 1 Azərbaycan Qran-prisinin tarixində ilk dəfə şənbə günü keçirilməsinə geniş məqalə həsr edib.
NUHÇIXAN xəbər verir ki, nəşrin Rumıniya redaksiyasında dərc olunan “Azərbaycan Qran-prisi şənbə günü keçiriləcək! Bakı Qran-prisi tarixində ilk dəfə baş verəcək bu dəyişikliyin səbəbi” sərlövhəli məqalədə yarışın təqvimindəki yeniliyin səbəbləri, Azərbaycanın milli anım günü və Formula 1 çempionatının qarşıdakı mərhələsi barədə məlumat verilib.
Məqalədə bildirilir ki, 2026-cı il Azərbaycan Qran-prisi əvvəlcə sentyabrın 25–27-də keçirilməli idi. Lakin yarışın son gününün Azərbaycanda Anım Gününə təsadüf etməsi səbəbindən təqvimə dəyişiklik edilib. Beləliklə, Bakı şəhər halqasında yarış həftəsonu sentyabrın 24–26-da təşkil olunacaq, əsas yarış isə sentyabrın 26-da baş tutacaq.
“Eurosport” yazır ki, bu qərar Bakı Qran-prisinin tarixində bir ilkdir. Azərbaycan paytaxtında indiyədək keçirilmiş Formula 1 yarışlarının əsas mərhələləri bazar gününə təsadüf etdiyi halda, 2026-cı ildə pilotlar dünya çempionatının növbəti mərhələsində şənbə günü mübarizə aparacaqlar.
Rumıniya nəşri yarışın tarixinin dəyişdirilməsinin səbəblərini izah edərkən sentyabrın 27-sinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırır. Bildirilir ki, həmin tarix Azərbaycanda Anım Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində həlak olmuş hərbi qulluqçuların xatirəsi hər il bu gündə ehtiramla yad edilir.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi məlumatına əsasən, Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilməsi yerli təşkilatçıların və müvafiq dövlət qurumlarının müraciəti əsasında razılaşdırılıb. Nəticədə yarış həftəsonunun proqramı bir gün əvvələ çəkilib.
“Eurosport”un məqaləsində Azərbaycan Qran-prisinin 2026-cı il Formula 1 mövsümündəki yeri barədə də məlumat verilir. Bakı mərhələsi dünya çempionatının 15-ci yarışı olacaq. Pilotlar Azərbaycan paytaxtına İspaniya Qran-prisindən sonra gələcəklər.
Nəşr Bakı yarışının özünəməxsus xüsusiyyətlərinə də diqqət yetirir. Şəhərin mərkəzi küçələrindən keçən Bakı Şəhər Halqası Formula 1 təqvimindəki ən fərqli traslardan biri hesab olunur. Tarixi memarlıq abidələrinin yaxınlığından keçən dar döngələr, uzun düzlüklər və yüksək sürət imkanları yarışın gedişində pilotlar üçün müxtəlif çətinliklər yaradır.
Formula 1-in rəsmi məlumatına görə, Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas yarış zamanı 51 dövrə vuraraq ümumilikdə 306 kilometrdən çox məsafə qət edəcəklər. Sentyabrın 24-də sərbəst yürüşlər, sentyabrın 25-də üçüncü sərbəst yürüş və sıralama turu, sentyabrın 26-da isə əsas yarış keçiriləcək.
