İstanbul derbisi: “Qalatasaray” komandası “Başakşəhər”i məğlub edərək çempion olub

A- A A+

Mayın 19-da futbol üzrə Türkiyə Superliqasında “Türk Telekom” stadionunda İstanbul derbisi oynanılıb.

NUHÇIXAN xəbər verir ki, XXXIII turun mərkəzi və son qarşılaşmasında turnir cədvəlində 66 xalla lider olan “Qalatasaray” komandası eyni xala malik olan və top fərqinə görə ikinci pillədə qərarlaşan “Başakşəhər”i qəbul edib.

Baş hakimi Cüneyt Çakırin idarə etdiyi görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qalatasaray” vacib üç xala sahib olub və Superliqanın oyunlarının yekunlaşmasına bir tur qalmış 2018-2019-cu il mövsümündə çempionluğunu elan edib. Bu “Qalatasaray”ın ardıcıl ikinci, ümumiyyətlə isə 22-ci çempionluğu olub.

Qarşılaşmada hesabı 17-ci dəqiqədə Rijad Bajicin baş zərbəsi ilə vurduğu qolla qonaqlar açıblar. Birinci hissə 0:1 hesabı ilə “Başakşəhər” üstünlüyü ilə başa çatıb. Lakin ikinci hissədə hücümlarının kəsərini artıran meydan sahibləri hesabı bərabərləşdiriblər. 47-ci dəqəqidə “Qalatasaray”ın mərakeşli futbolçusu Younes Belhandanın künc zərbəsindən məhsuldar ötürməsini Sofiane Fequli qola çevirib - 1:1. Bundan səkkiz dəqiqə sonra mərakeşli futbolçu Younes Belhanda topu qapıdan keçirib. Lakin oyunun baş hakimi Cüneyt Çakır videonəzarət sistemindəki (VAR) hakimlərlə məsləhətləşdikdən sonra qoldan əvvəl topun Mbaye Diaqnenin əllinə toxunduğunu bildirərək Younes Belhandanın qolunu ləğv edib. Nəhayət 64-cü dəqiqədə Younes Belhandanın cərimə zərbəsindən sonra Henry Onyekuru matçda fərqlənərək “Qalatasaray”ı hesabda irəli çıxardıb – 2:1. 80-ci dəqiqədə meydanın kənarında yaşanan gərginlikdən sonra oyunun baş hakimi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi tribunaya göndərib.

Beləliklə, bu oyundan sonra xallarının sayını 69-a çatdıran baş məşqçi Fatih Terimin yetirmələri Türkiyə çempionatında birinci sıradakı mövqeyini qoruyub və çempionatın qalibi olub. Aktivində 66 xal olan “Başakşəhər” ikinci sırada qəralaşıb. Hesabında 62 xal olan “Beşiktaş” üçüncü, 60 xala malik “Trabzonspor” dördüncü sıradadır.

“Qalatasaray” – “Başakşəhər” görüşü cari mövsümdə Superliqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub. Belə ki, “Türk Telekom”dakı oyunu 50 minə yaxın tamaşaçı izləyib.

İki komanda arasında indiyədək keçirilmiş 23 oyundan 11-də “Qalatasaray”, 7-də “Başakşəhər” qələbə qazanıb. Beş görüşdə isə qalib müəyyənləşməyib. Bu iki klub arasında keçirilmiş sonuncu oyunda komandalar hərəyə bir dəfə fərqləniblər – 1:1.

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Superliqada 33 tur ərzində 20 oyunda qələbə qazanıb, 9 matçda heç-heçə edib və 4 dəfə məğlub olub.

Bu gün oynanılan "Akhisarspor" -"Kayseripor" matçı 2:2 hesabı ilə yekunlaşıb. “Bursaspor”-“Göztəpə” oyununda isə hesab açılmayıb 0:0. “Alanyaspor”-“Rizəspor” görüşündə qalib müəyyənləşməyib - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: