Argentina millisinin sabiq futbolçusu Lionel Messi 2004-cü il oktyabrın 16-da İspaniyanın “Barselona” komandasının heyətində ilk rəsmi oyununa çıxıb.
NUHÇIXAN xəbər verir ki, həmin vaxt 17 yaşı olan hücumçu La Liqada Kataloniya derbisi çərçivəsində “Espanyol”la keçirilən görüşdə debüt edib. Frank Raykardın rəhbərlik etdiyi komanda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Argentinalı ulduz 82-ci dəqiqədə komandasının yeganə qolunun müəllifi olan portuqaliyalı yarımmüdafiəçi Dekonu əvəzləyərək meydana daxil olub.
Qeyd edək ki, Lionel Messi 2003–2021-ci illərdə “Barselona” klubunun formasını geyinib. Bu müddət ərzində Kataloniya təmsilçisinin heyətində 778 rəsmi oyunda meydana çıxıb və 672 qola imza atıb. Messi “Barselona” ilə zəngin titul kolleksiyası qazanıb. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Kral Kubokunun və 8 dəfə İspaniya Superkubokunun qalibi olub. Bundan əlavə, futbolçu 4 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda və 3 dəfə FIFA klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi Kataloniya turnirlərində də uğurlar əldə edib. Onun aktivində 4 Kataloniya Kuboku və 2 Kataloniya Superkuboku var.
