“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin III turunda PSJ ilə keçirilən oyundan sonra Paris təmsilçisinin azarkeşlərinin nümayiş etdirdiyi bannerlə bağlı UEFA-ya şikayət etməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Paris şəhərindəki “Park de Prens” stadionundakı matçdan əvvəl yerli komandanın fanatları üzərində Kataloniya klubunun loqosunun zəncirli mişarla kəsilməsinin təsvir olunduğu banner açıblar. Bannerdə “Paris üslubunda qətliam” ifadəsi yer alıb. Təsvir məşhur “Texas qətliamı” filmindəki Dəriüz (Leatherface) obrazını xatırladıb.
Məlumata görə, PSJ azarkeşləri bannerə əlavə olaraq, zəncirli mişarın qığılcımlarını təqlid edən pirotexniki vasitələrdən də istifadə ediblər. “Barselona” nümayəndələri oyun vaxtı klubun ünvanına yönəlmiş digər təhqiramiz plakatların da yığışdırılmasını tələb ediblər.
Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Paris təmsilçisinin heyətində Dezire Due, Lukas Ernandes, Vitinya və Fabian Ruis fərqləniblər. “Barselona”nın qollarını isə Xavi Espart və Lamin Yamal vurublar.
