Mərakeşli gənclərin Naxçıvana səfəri təşkil olunub - FOTOLAR
Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən mədəni mübadilə proqramı çərçivəsində 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin proqramı 16–25 oktyabr tarixlərini əhatə edir.
NUHÇIXAN xəbər verir ki, 21–22 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasına səfər edən nümayəndə heyəti Heydər Əliyev Muzeyini, Xan Sarayını, Nuh türbəsini, Naxçıvanqalanı və Naxçıvan Dövlət Universitetini ziyarət ediblər. Heyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları müşayiət edib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkənin mədəni dəyərlərinin qorunmasında və gənclər arasında əlaqələrin inkişafında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfərin ikinci günündə qonaqlar Əshabi-Kəhf ziyarətgahı ilə tanış olublar.