Uğurlu nəticə münasibətilə futbolçularımızı təbrik edirəm, onlar bu qələbəyə tam layiq idilər. Əvvəlki uğursuzluqdan sonra ruhdan düşməyərək meydana ciddi əzmlə çıxdılar və vacib geri dönüşə imza atdılar. Yeniyetmələrin psixoloji təzyiqi dəf edərək belə oyun nümayiş etdirməsi biz qürurlandırır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən FIFA U-15 dünya çempionatında İsrail yığması üzərində qazanılan 3:1 hesablı qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.
Turnir cədvəlindəki vəziyyətə toxunan baş məşqçi növbəti mərhələ planlarından da söz açıb: “Avstraliya millisinin qrup lideri olacağı gözləniləndir. Hazırda bizim və Haiti yığmasının aktivində 9 xal var. İkinci mövqe uğrunda gərgin mübarizə gedir. Qarşıdakı matçda əldə olunacaq bir xal və ya qələbə bizə qrupu ikinci pillədə yekunlaşdırmağa imkan verəcək. İndi bütün diqqətimiz bu hədəfə cəmlənib. Oktyabrın 27-dən etibarən B qrupundakı rəqiblərimiz müəyyənləşəcək və orada daha 5 qarşılaşmaya çıxacağıq”.
Famil Xəlilov heyətdəki rotasiyaların səbəbini və gənclərə şans verilməsinin vacibliyini vurğulayıb: “Meydandakı əvəzetmələrlə həm heyətdəki güc balansını qorumağı, həm də digər futbolçulara oyun təcrübəsi qazandırmağı hədəfləmişdik. Bizim üçün prioritet məsələ uşaqların inkişafıdır. Səy göstəririk ki, heyətdə yer alan 14 futbolçunun hər biri bərabər şəkildə şans əldə etsin”.
Təcrübəli mütəxəssis turnirin ümumi gedişatını şərh edərək iddialı komandalar barədə gözləntilərini də paylaşıb: “Növbəti mərhələdə düşəcəyimiz qrup böyük əhəmiyyət kəsb edir, lakin indidən birbaşa favorit adı çəkmək çətindir. Çünki bu turnirdə sürpriz nəticələr göstərərək çempionluğa qədər irəliləyə biləcək komandalar az deyil”.
