Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar noyabrın 5-də Sədərək rayonunda “Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” layihəsi həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Mədəniyyət nazirliklərinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın məqsədi gənclər arasında vətənpərvərlik hisslərini, milli birlik və dövlətçilik dəyərlərini gücləndirmək, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini təbliğ etmək, eləcə də onların yaradıcı potensialını və ictimai fəallığını artırmaqdır.
Tədbir iştirakçıları Vətən müharibəsi və Zəfər Gününə həsr olunmuş foto və məlumat sərgisi, silah və hərbi texnika nümunələri, gənclərin rəsm əsərləri, əl işləri, STEAM layihələri, tətbiqi sənət nümunələri, eləcə də rayon gənclərinin uğurlarını əks etdirən stendlərlə tanış olacaqlar. Eyni zamanda, yerli istehsal və təsərrüfat məhsullarının nümayişi, intellektual oyunlar, üz və bədən rəsmləri, əyləncəli idman oyunları və müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim ediləcək.
Bədii proqram çərçivəsində musiqi və rəqs nömrələri nümayiş olunacaq, festivalın təşkilində və fəaliyyətlərində iştirak edənlərə təşəkkürnamələr təqdim ediləcək.
